SOCAR şirkəti (ARDNŞ) 2020-ci ildə Türkiyədə iri yanacaq paylama şirkət almaq məsələsini həll etməyə ümid edir. Bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
“Bizim Türkiyədə yanacaq paylama şirkət almağa dair planlarımız var. Lakin hazırda bu birinci növbədə duran vəzifə deyil. 2019-cu ildə STAR NEZ tam gücü ilə fəaliyyətə başlayacaq. Bu səbəbdən, düşünürəm ki, 2020-ci ildə yanacaq paylama şirkət almaq məsələsi ilə bilavasitə məşğul olacağıq və onu həll edəcəyik”, - Z.Qəhrəmanov “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Satışda olan şirkətlər var, lakin bizim üçün 150-200 yanacaqdoldurma stansiyası olan şirkətlər kiçik hesab olunur. Biz iri şirkət almaq niyyətindəyik”, - o əlavə edib.
“SOCAR Turkiye Enerji” Avstriyanın “OMV AG” şirkətinə məxsus olan və daha sonra “Vitol” şirkətinin sahibi olduğu "OMV Petrol Ofisi" YDM şəbəkəsini almaq istəyən iddiaçılardan biri olub.
Xəbər verildiyi kiimi, SOCAR Turkiye Enerji şirkəti Petkim Petrokimya Holding neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinin sahibidir (51%). O cümlədən, şirkət Türkiyədə “STAR” NEZ-in tikintisini həyata keçirir. O cümlədən, konteyner terminalı, külək elektrik stansiyasının tikinti layihəsini reallaşdırıb və daxili bazara qaz tədarükü, həmçinin neft yataqlarının kəşfiyyatı işləri ilə məşğul olur. **
N.Abbasova