“SOCAR Turkiye Enerji” şirkəti STAR NEZ-də istehsal olunacaq neft məhsullarının saxlanılması üçün güclərin genişləndirilməsinə $300 mln. yatırıb. Bunu "SOCAR Turkey Enerji A. Ş."-nin baş direktoru Zaur Qəhrəmanov deyib.
“$300 mln. məbləğində əlavə investisiyalar hesabına STAR NEZ-in effektiv fəaliyyəti məqsədilə bir neçə il öncə Əliağa yarımadasında satın aldığımız anbarı genişləndirdik. Bundan əlavə, şirkət Antaliya və Mərmərə bölgələrində anbarlar axtarır. Həmin anbarlar NEZ-də istehsal ediləcək məhsulların bölüşdürülməsi üçün lazımdır”, - Z.Qəhrəmanov “Anadolu” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin xatırladıb ki, 2018-ci ilin 4-cü rübündə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə STAR NEZ-in istifadəyə verilməsi mərasimi keçiriləcək. 2019-cu ilin yanvar ayından etibarən isə müəssisə tam gücü ilə fəaliyyətə başlayacaq.
3 avqust 2018-ci ildə “SOCAR Turkiye Enerji” şirkətinin İzmirdə (Türkiyə) inşa etdiyi “STAR” NEZ-ə 80 min ton həcmdə “AzeriLight” markalı neftin ilk partiyası gətirilib. “STAR” NEZ Azərbaycandan neftin ilk partiyasını qəbul edib. Zavodda artıq sınaq neft emalına başlanıb.
Şirkətdən həmçinin məlumat verilib ki, Xəbər verildiyi kimi, 2011-ci il oktyabrən 25-də “SOCAR Turkiye Enerji” İzmirdə “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb.
Layihə $6,3 mlrd. həcmində qiymətləndirilir.
2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə “STAR” neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib.
Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. **
N.Abbasova