SOCAR və Çin Milli Neft Şirkətinin (CNPC) törəməsi olan “BGP Inc.” şirkəti birgə müəssisə təsis ediblər.
SOCAR-ın məlumatına görə, birgə müəssisə Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində birgə seysmik kəşfiyyat işlərini həyata keçirəcək.
Təsis müqaviləsi bu gün Bakıda imzalanıb. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang imzalayıb.
“Təsis edilmiş yeni birgə müəssisə Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində birgə seysmik kəşfiyyat işlərini həyata keçirəcək, hər iki şirkətin mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq”, - deyə məlumatda bildirilir.
“Bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır. Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır”, - deyə
R.Abdullayev qeyd edib.
2018-ci ilin iyunun 6-da SOCAR “BGP Inc.” şirkəti ilə əməkdaşlığın qurulması, o cümlədən geofiziki xidmətlərin göstərilməsi üçün birgə müəssisənin yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalayıb. Bu Anlaşma Memorandumuna uyğun olaraq tərəflər arasında danışıqlar aparılıb və yekun sənəd hazırlanıb.
“BGP Inc.” “CNPC” şirkətinin 100%-lik törəmə müəssisəsidir. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.*
N.Abbasova