Oktyabrın 4-də Moskvada Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.
“İclasda yüksək gərginlikli elektrik ötürücü xəttinin ikinci növbəsinin (Yaşma-Dərbənd – İF-Az) tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
İclas “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində keçiriləcək. Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.
Daha əvvəl energetika nazirinin müavini Samir Vəliyev bildirmişdi ki, Azərbaycan və Rusiya arasında yeni elektrik ötürücü xəttinin tikintisi vacibdir. "Bu, yeni Şimal-Cənub enerji dəhlizinin (Rusiya-Azərbaycan-İran) yaradılmasına xidmət edə bilər", - deyə o qeyd edib.
İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Azərbaycan və Rusiya “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikintisi hesabına elektrik enerjisinin ötürülmə gücünü 600 MVt-a çatdıra bilər.*
N.Abbasova