“SOCAR-AQŞ” MMC “Günəşli” yatağının dayazsulu hissəsində yeni quyunun qazma işlərini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
3252 saylı quyuda qazma 7 saylı platformadan həyata keçirilib. Quyunun dərinliyi 2,79 min metr təşkil edib.
Quyu SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə qazılıb.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” (“Abşeron Qazma” Şirkəti) tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib.
Hazırda “SOCAR-AQŞ” Dayaz Sulu “Günəşli” yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır.
Bundan başqa, “SOCAR-AQŞ” “Bahar Energy” əməliyyat şirkəti ilə müqavilə çərçivəsində qazma əməliyyatları, “SOCAR-Ümid” birgə müəssisəsinin sifarişi ilə “Ümid” yatağında və “Azneft” İB-nin sifarişi ilə “Qərbi Abşeron”, “Bulla” yataqlarında, “Günəşli” yatağının dayazsulu hissəsi 7 və 11 saylı paltformalarda qazma işləri həyata keçirir. **
N.Abbasova