"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasındakı Ortakənd-Xanağa sahəsində ümumilikdə 10 min metrədək qazma işləri həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
«Sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi ilə Ortakənd-Xanağa sahəsində ümumilikdə 10 min metrədək qazma işləri aparacaq. Qazma işləri müvafiq tenderin qalibi olmuş “AZ Dağ-Mədənistismar” MMC tərəfindən həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
“AzerGold”un məlumatına görə, 2017-ci ilin IV rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın “Geostudi Astier srl” geofizika şirkətin texnoloji dəstəyi ilə aparılan yerüstü elektrik və maqnit kəşfiyyat işləri müsbət nəticələr verib. Belə ki, kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər, o cümlədən “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.
“AzerGold”un qiymətləndirmələrinə görə, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova