Xarici İşlər Nazirliyi Latviyanın “IMPRO Travels LTD” tur agentliyinin əməkdaşı Harijs Egliensin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb.
“Latviya Respublikasının vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, - deyə nazrlik qeyd edir.
Məktubunda Harijs Egliens 2015-ci ilin oktyabrında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Səfərlə əlaqədar təəssüfünü ifadə edən Harijs Egliens Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb.
Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini diqqətə çatdırıb.
“Harijs Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub”, - deyə XİN-in məlumatında bildirilir.*
F.İsazadə