“AZ Dağ-Mədənistismar” MMC “AzerGold” QSC-nin sifarişi ilə kəşfiyyat qazma işləri həyata keçirəcək. Xidmətlərin dəyəri 2 mln. 805 min 989,61 manat təşkil edir.
““AZ Dağ-Mədənistismar” “AzerGold”un elan etdiyi müvafiq tenderin yekunlarına əsasən kəşfiyyat qazma işləri üzrə podratçı seçilib. Şirkətlə 2 mln. 805 min 989,61 manat dəyərində podrat müqaviləsi imzalanıb”, - deyə “AzerGold”dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, "AzerGold" QSC Naxçıvan Muxtar Respublikasındakı Ortakənd-Xanağa perspektiv sahəsində 10 min metrədək qazma işləri həyata keçirməyi planlaşdırır. Məqsəd sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanmasıdır. Qazma işləri “AZ Dağ-Mədənistismar” MMC tərəfindən həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
“AzerGold”un qiymətləndirmələrinə görə, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova