Budapeşt gələcəkdə "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinə qoşulmaqda maraqlıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində P.Siyarto ilə görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələlərini müzakirə edib.
“P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 mlrd.-dan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
N.Abbasova