2018-ci ilin dekabr ayının ortaları və ya sonunda Sumqayıtda yüksək sıxlığa malik olan polietilen zavodu istifadəyə veriləcək. Bunu “SOCAR Polymer” şirkətinin direktoru Fərid Cəfərov deyib.
“Dekabrın ortaları və ya sonunda yüksək sıxlığa malik olan polietilen zavodu istifadəyə veriləcək”, - F.Cəfərov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, zavodda istehsal olunacaq məhsullar əsasən Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrə ixrac ediləcək.
“Ölkədə daxil istehlakın həcmi təxminən 35-40% təşkil edir”, - F.Cəfərov əlavə edib.
Zavodun tikinti işlərini “SOCAR Polymer” şirkəti həyata keçirir. Zavodun gücü illik 120 min ton təşkil edəcək. Zavodda yüksək sıxlığa malik olan polietilenin 12 növü istehsal olunacaq.
Xəbər verildiyi kimi, iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
Zavodların istismar dövründə 6,3 mlrd. dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi "SOCAR Polymer” şirkətinin xalis mənfəəti olacaq. Sumqayıtda polipropilen və polietilen zavodlarının tikinitisinə ümumi investisiya xərcləri 816 mln. dollar təşkil edəcək.İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40 faizi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə “SOCAR-Polymer” MMC-nin yüksək sıxlığa malik olan polipropilen və polietilen zavodarının tikintisinin maliyyələşdirilməsi üçün $489 mln. manat məbləğində kredit cəlb edib. 2015-ci il iyunun 19-da zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalanıb.
“SOCAR-Polymer” 2013-cü ildə SOCAR tərəfindən təsis edilib.Hazırda şirkətin kapitaında SOCAR-ın payı 57% təşkil edir. "Vitol Black Sea V.L.L" MMC, "Ecoland" MMC və s. şirkətlər səhmdarlar sırasındadır.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.**
B.Rüstəmbəyov