14 iyun 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Batumiyə birbaşa aviareyslərə başlayacaq. Bu barədə aviaşirkətin məlumatında deyilir.
“Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.
Bakı-Batumi istiqaməti üzrə minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə)əldə etmək mümkündür.
"Büdcə" minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. “Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer” təyyarələri daxildir.
Hazırda loukoster İstanbul, Alanya, İzmir, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Bundan başqa, Gəncədən Moskvaya da birbaşa uçuşlar həyata keçirilir.*
N.Abbasova