2018-ci ilin 8 ayı ərzində Azərbaycanla türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 16% artıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2017-ci ildə Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb”, - Ş.Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev ilə görüşdə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı TDƏŞ ölkələri ilə investisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. “Azərbaycan TDƏŞ ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, TDƏŞ ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb”, - nazir bildirib.
O qeyd edib ki, Azərbaycan prezidenti türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. “Azərbaycan bundan sonra da iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsigəməyəcək”, - Ş.Mustafayev bildirib.
B.Amreyev qurumun bütün istiqamətlərdə, eləcə də iqtisadi sahədə üzv ölkələr arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçiriləcəyini qeyd edib.**
F.İsazadə