“Zirə” təchizat-yedək gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daxil edilib. Bu barədə QSC-dən məlumat verilir.
“Zirə” təchizat-yedək gəmisi “AXDG”-nin balansına daxil edilib və onun müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub. Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur”, - məlumatda deyilir.
Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir.
“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır”, - məlumatda qeyd olunur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansına 24təchizat-yedək gəmisi daxildir. **
N.Abbasova