Bakı Şəhər Prokurorluğu Binədə avtobusun qatarla toqquşmasına görə 2 nəfərin həbs olunması barədə məlumat yayıb.
Saxlanılan şəxslərdən biri 160 nömrəli sərnişin avtobusunun sürücüsü Əlixan Şirəliyevdir.
Ə.Şirəliyevə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqla qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən Mübariz Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Yusif Dadaşzadə və 1962-ci il təvəllüdlü Şakir Əliyev vəfat edib, 40 nəfərdən çox sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.*