Azərbaycan şirkətləri spirtli içkilərin Qazaxıstana ixrac edilməsi ilə bağlı razılıq əldə edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Qazaxıstana təşkil edilmiş ixrac missiyası çərçivəsində Azərbaycanın “Şərq ulduzu” və “Merit Brand” şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəlib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Gilan Holding” Qazaxıstanın “Furkan” supermarketlər şəbəkəsinə doğranmış kartofun və “Mia” alqokolsuz içkisinin satışına dair razılıq əldə edib.
“Qazaxıstana təşkil edilmiş ixrac missiyasına daxil olan “Azersun Holding” Qazaxıstanın “İPE Haldakov”, “Rokos”, “Taks”, “Firkan” şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 30 sentyabr-5 oktyabr tarixlərini əhatə edən ixrac missiyası Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilmişdi. İxrac missiyasında inşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkət iştirak edib.*
N.Abbasova