2018-ci ilin əvvəlindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində özəl sektorda qanunsuz əməliyyatlarla bağlı 24 cinayət işi başlanıb. Bu barədə idarənin rəisi Kamran Əliyev məlumat verib.
“Bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində özəl sektorda yol verilmiş qanun pozuntuları ilə bağlı 33 nəfər barəsində 24 cinayət işi başlanıb”, - deyə o, bu gün jurnalistlərə bildirib.
İdarə rəisinin sözlərinə görə, bu ilin əvvəlindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3 mindən çox müraciət daxil olub. Onlardan 181-i özəl sektorla, 55-i mənzil-tikinti sektoru ilə bağlı olub.
Hazırda gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar 3 cinayət işi ilə bağlı materiallar araşdırılır. «Yaxın vaxtlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gömrük fəaliyyəti ilə bağlı daha 2 cinayət işi daxil olacaq», - deyə K.Əliyev qeyd edib.
O əlavə edib ki, idarə, həmçinin “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparır.*
R.Babayev