Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
“Korrupsiyaya qarşı mübarizə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biridir”, - deyə K.Əliyev imzalanma mərasimində bildirib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə respublikada həyata keçirilən islahatların dəstəklənməsinə də yönəlib.
«Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də Anlaşma memorandumları imzalayıb», - deyə idarə rəisi qeyd edib. O əlavə edib ki, sözügedən qurumlarla fəal əməkdaşlıq nəticəsində bir sıra qanun pozuntuları aşkarlanaraq cinayət işi başlanıb.
K.Əliyev kiçik və orta sahibkarlığın inkişafı prosesində neqativ faktların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
«Anlaşma Memorandumu kiçik və orta biznesin fəaliyyətində neqativ faktlarla mübarizə sahəsində tədbirlərin gücləndirilməsi və məlumat mübadiləsini nəzərdə tutur», - deyə O.Məmmədov bildirib.*
R.Babayev