Prezident İlham Əliyev bəyan edib ki, avqustun 12-də imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Azərbaycanın maraqlarına uyğundur.
"Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiyada Azərbaycanın bütün maraqları tam nəzərə alınıb", - deyə o, bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədə əsasən, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın Xəzərin statusu ilə bağlı mövqelərinin 22 ildir davam edən razılaşdırılması prosesi başa çatıb.
Konvensiya bütün iştirakçılar tərəfindən imzalandığı andan etibarən qüvvəyə minir. Sənəd müddətsizdir.*
A.Əzizov