“SOCAR Turkiye Enerji” şirkəti tərəfindən İzmirdə inşa edilmiş “STAR” neft emalı zavodunun gələn həftə işə salınması planlaşdırılıb. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
“Gələn həftə STAR NEZ-in açılışı planlaşdırılıb. 10 mln. ton istehsal gücünə malik olan bu zavod ən iri yatırımlardan biridir”, - deyə «Dünya» qəzeti F.Dönməzə istinadən yazır.
Daha əvvəl “SOCAR Turkiye Enerji”nin baş direktoru Zair Qəhrəmaov bildirmişdi ki, bu ilin IV rübündə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “STAR” NEZ-in işə salınma mərasimi keçiriləcək və müəssisə 2019-cu ilin yanvar ayında tam gücü ilə işə başlayacaq.
“STAR” NEZ avqustun 3-də 80 min ton “Azeri Light” markalı neftin ilk partiyasını qəbul edib. Zavodda açılış tarixinə qədər sınaq məqsədilə emal həyata keçirilir.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb
Layihənin dəyəri $6,3 mlrd. təşkil edir.
2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə “STAR” neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib.*
N.Abbasova