“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Cabbar Həşimov” tankerini əsaslı təmirdən sonra istismara qaytarıb. Bu barədə AXDG-nin məlumatında deyilir.
““Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
“Cabbar Həşimov” gəmisi 2008-ci ildə inşa edilib, onun uzunluğu 150, eni 17.3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.
Hazırda AXDG-nin gəmi donanmasına 23 gəmi daxildir.*
N.Abbasova