Prezident İlham Əliyev bəyan edib ki, avqustun 12-də imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Azərbaycanın maraqlarına cavab verir.
"Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyada Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb”, – deyə o, oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Prezident İ.Əliyev bu Konvensiyanı tarixi sənəd adlandırıb. “Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir”, - deyə dövlət başçısı əlavə edib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədə əsasən, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın Xəzərin statusu ilə bağlı mövqelərinin 22 ildir davam edən razılaşdırılması prosesi başa çatıb.
Konvensiya bütün iştirakçılar tərəfindən imzalandığı andan etibarən qüvvəyə minir. Sənəd müddətsizdir.*
A.Əzizov