2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in artımı 0,8% təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“Bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8% artıb. Qeyri-neft sektorunda artım isə 1%-dir”, - İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə sənaye istehsalı 2%, qeyri-neft sənayesi isə 10,8% artıb.
“Kənd təsərrüfatı doqquz ayda 4,3% artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq”, - prezident qeyd edib.
O vurğulayıb ki, 9 ayın yekunları üzrə inflyasiya 2,6%-dir, əhalinin gəlirləri isə 9,5% təşkil edib.
“Bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir”, - prezident qeyd edib.
İ.Əliyev bildirib ki, cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 mlrd. dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 mlrd. dolları qeyri-neft sektoruna qoyulub.
“9 ay ərzində valyuta ehtiyatlarımız $3 mırd. artaraq 45 mlrd. dollara çatıb. İlin sonuna qədər daha da artacaq”, - dövlət başçısı deyib.
O əlavə edib ki, hesabat dövründə xarici ticarət dövriyyəsi 37% artıb. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb.
“Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək”, - dövlət başısı bəyan edib. **
A.Əzizov