Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır”, - İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir.“Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - prezident vurğulayıb.
İ.Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq.
O vurğulayıb ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyində qalacaq. “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”, - İ.Əliyev deyib. **
R.Babayev