Azərbaycan hərbi qüdrətini artıracaq və ən müasir hərbi texnikanı alacaq. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanın hərbi potensialı ən yüksək səviyyədədir. Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq”, - İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
O vurğulayıb ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. “Beynəlxalq reytinqlər də, həyat da bunu göstərir”, - dövlət başçısı qeyd edib.
Prezidentin sözlərinə görə, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilib. “Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib”, - İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin edir. “Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır”, - o bildirib.
Dövlət başçısının sözlərinə görə, bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. “Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”, - İ.Əliyev deyib.
“Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik”, - prezident vurğulayıb. **
R.Babayev