2018-ci ildə Azərbaycanda 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Bunu prezident İlham Əliyev deyib.
“Keçən il məhsuldarlıq 207 min ton, yəni 2016-cı ilin göstəricisindən 2 dəfədən çox olub. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur”, - İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Prezident qeyd edib ki, artım dinamikası çox müsbətdir.O əmindir ki, məhsuldarlıq artırıla bilər. “Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. “Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”, - İ.Əliyev deyib.
O əlavə edib ki, hazırda ölkədə pambıqçılıqda 190 mindən çox insan işləyir.Prezidentin sözlərinə görə, pambığın alış qiyməti bir neçə dəfə artırılıb ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. **
F.İsazadə