Yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə 5 milyard 306 milyon manat vergi toplanıb və proqnoza 100,2% əməl olunub. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür”, - deyə o, oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.
M.Cabbarov vurğulayıb ki, hesabat dövründə regionlardan vergi daxilolmaları 508 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb.*
A.Əzizov