Tütün məhsullarının daxili bazarda payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib”, - deyə o, oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, ilin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur.
M.Cabbarov vurğulayıb ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.
2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.
“Vergilər Nazirliyi vergiödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır. Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb. Vergiödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlər gücləndirilib”, - deyə M.Cabbarov qeyd edib.*
A.Əzizov