Yerli və xarici bazarlarda “Azərxalça” ASC-nin müəssisələrində toxunmuş 300 ədədə yaxın xalça satılıb. Bu barədə cəmiyyətin sədri Vidadi Muradov məlumat verib.
““Azərxalça”nın filiallarında indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb”, - deyə o, oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Sədrin sözlərinə görə, xalçalar “Azərxalça”nın 2016-2017-ci illərdə yaradılmış 10 filialında toxunub.
"Azərxalça" ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Hazırda respublikada cəmiyyətin 10 filialı (emalatxanası) fəaliyyət göstərir. 2019-cu ilədək filialların sayı 20-yə, 2020-ci ilədək 30-a çatacaq.*
R.Babayev