Bakı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) $200 min məbləğində yardım edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında $200 min məbləğində yardım edib”, - deyə məlumatda bildirilir.
Nazirlik qeyd edir ki, Azərbaycan Respublikası çətin günlərində hər zaman Fələstin xalqının yanındadır və İslam həmrəyliyinə sadiqdir.
“Cari ildə agentliyin büdcəsində kəskin kəsirin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır”, - deyə XİN-in mətbuat xidməti bildirir.
1948-ci ildə yaradılmış agentlik Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.*
R.Babayev