2018-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 796 min barel (avqustda 774 min barel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanda sentyabr ayı ərzində gündəlik neft hasilatı 796 min barel olub. Bunun 725 min barelini xam neft, 71 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bütövlükdə, Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi sentyabrda yerinə yetirib.
Razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə gündəlik neft hasilatı 781,9 min barel olub.
Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında isə 774 min barel olub.
Gündəlik 599 min barel xam neft, 71 min barel kondensat, 7 min barel isə neft məhsulları ixrac edilib.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.*
N.Abbasova