ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB sammiti çərçivəsində baş tutmuş görüşünü müsbət qiymətləndirib.
“Azərbaycan və Ermənistan liderlərinin Düşənbə görüşü müsbət siqnaldır. Bu görüşdən sonra biz təmas xəttində atəşkəs rejiminin pozulma intensivliyinin azalmasını müşahidə edirik", - deyə o, bu gün Bakıda keçirdiyi brifinqdə bildirib.
Müavinin sözlərinə görə, Dövlət Departamenti tərəfləri bundan sonra da bu kursa tərəfdar olmağa çağırır. "Bundan başqa, tərəflər təcavüzkar bəyanatlarını azaltmalıdırlar. Belə ritorika sülhə xidmət etmir", - deyə C.Kent qeyd edib.*