Daşkənddə Azərbaycan və Özbəkistanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov Daşkənddə keçirilən Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində imzalayıblar.
A.Azizov hər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.
“Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.*
R.Babayev