Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair razılaşmalar əldə edib. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan məhsulları oktyabrın 8-10 tarixlərində Qətərin Doha şəhərində keçirilən “Birinci Beynəlxalq Məhsullar” sərgisində təqdim olunub. 18 Azərbaycan şirkətinin məhsullarının nümayiş olunduğu stendlər xarici şirkətlər və ziyarətçilərin böyük marağına səbəb olub, ixraca dair razılaşmalar əldə olunub”, - deyə məlumatda bildirilir.
Belə ki, sərgi çərçivəsində “Azersun Holding” şirkəti “Al Meera”, “Carrefour” və “Lulu” ticarət şəbəkələri ilə məhsullarının satışına dair razılıq əldə edib.
Azərbaycanın “Rəmzi-S” MMCşirkəti “Woodworks”, “New Tech Contracting”, “Golden Opportunity Trad and Contracting”, “ABM”, “K.M. contracting” şirkətləri ilə “Sobsan” boyalarının satışına dair razılığa gəlib.
“Şirin” MMC şirkəti məhsullarının Qətərin böyükmarketlər şəbəkəsində satışına dair danışıqlar aparıb.
Azərbaycanın “Amoris” MMC şirkətinin məhsulları da xarici şirkətlərin marağına səbəb olub. Belə ki, Qətərin “Salamis”, “Red Colt Co”, “Al wabra Farm” şirkətləri ilə məhsulların ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Bundan başqa, “Gilan Holding” və “Buta Agro” şirkətləri də Qətərə məhsul ixracına dair müvafiq razılığa gəliblər.
Azərbaycanın “M studio” dizayn şirkəti Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı tərəfindən şirkətə İttifaqa üzv olmaq təklif olunub.*
R.Babayev