Milli Məclisin deputatları bir qrup rusiyalı qadının “Qadınlar sülh naminə” adlı sülhməramlı aksiyada iştirak etmək məqsədilə Dağlıq Qarabağa səfər etməsindən narahatlıq ifadə ediblər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbiri xəbər verir.
"Biz Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurovanın Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar rusiyalı deputatlara ünvanlamaq üçün müvafiq müraciətlər hazırlamışıq. Bu sənədlər Dövlət Duması rəhbərliyin və komitələrinin ünvanına göndəriləcək", - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Azərbaycan-Rusiya münasibətləri bu gün çox yüksək səviyyədədir və buna görə bir qrup rusiyalının Dağlıq Qarabağda keçirilən tədbirlərdə iştirakı böyük təəssüf doğurur", - deyə deputat Sevinc Hüseynova qeyd edib.
Onun sözlərinə görə, S.Jurova Ermənistan-Azərbaycan qarşıdurmasının əsl səbəbləri və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi barədə məlumatlandırılmalıdır.
"Doğrudanmı, Jurova bu münaqişə ilə bağlı bütün həqiqətləri bilmir?", - deyə S.Hüseynova bildirib.
Deputat vurğulayıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, burada yaşayan başqa xalqların nümayəndələri də öz canlarından keçiblər. Ölkəmizin suverenliyi uğrunda döyüşlərdə həlak olanlar arasında rus millətinin 4 nümayəndəsi Azərbaycanın Milli Qəhrəmanıdır", - deyə o qeyd edib.
S.Hüseynova rusiyalı həımkarlarını Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
Deputat Fərəc Quliyev müvafiq müraciəti rusiyalı deputatlara göndərməyi təklif edib. "Müraciəti Rusiya deputatlarının ünvanına göndərmək lazımdır. Azərbaycanın ərazi bütövlüyünə belə haqsız münasibətə susmaq olmaz", - deyə o söyləyib.*
R.Babayev