Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzanı müəyyən edən dəyişikliklər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Cinayət Məcəlləsinə 270-1-ci maddə (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) əlavə edilib.
Bu maddənin müddəaları uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmanı nəzərdə tutur.
Uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə, uçuş vaxtı hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhv etmə və ya onlara əhəmiyyəti zərər vurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstismarda olan hava gəmisini qəsdən məhv etmə, habelə hava gəmisinə qəsdən onun sıradan çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə təhdid yaradan zərər yetirmə nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratma on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.*
R.Babayev