Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş Rusiyadan olan bir qrup qadının adını "arzuolunmaz şəxslər" siyahısına salıb.
Siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.
Xəbər verildiyi kimi, Rusiya vətəndaşları Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
“Biz “Qadınlar Sülh naminə” təşəbbüsü ilə bağlı mövqeyimizi artıq bildirmişik. Sülh istəyənlər müharibəni davam etdirməməlidirlər. İnsan itkisinin qarşısını almağı arzu edənlər başqa dövlətlərin ərazisini işğal altında saxlamamalıdırlar. Və nəhayət, anaları və qadınları sülhə çağıranlar öz övladlarını Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində hərbi xidmətə göndərməməlidirlər”, - deyə XİN-in məlumatında qeyd olunur.*
F.İsazadə