“Azərkosmos” ASC maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin keçirilməsi üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Seçim tender yolu ilə həyata keçirilir.
Auditorun vəzifələrinə "Azərkosmos”un 2018-2020-ci illər üçün maliyyə hesabatının auditinin aparılması daxildir.
Tenderdə iştirak etməkdə maraqlı olan audit şirkətləri təkliflərini noyabrın 28-dək təqdim edə bilərlər. Təkliflər zərfi noyabrın 29-da açılacaq.
Tenderdə iştirak haqqı 170 manatdır.
“Azərkosmos”un 2017-ci il üçün auditi PWC şirkəti tərəfindən həyata keçirilib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
A.Əzizov