Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 1 mlrd. 588,409 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
"Cari ilin 9 ayı ərzində Azərbaycana 1 mlrd. 588,409 mln. kubmetr qaz idxal edilib ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 22,6% çoxdur. Eyni zamanda, hesabat dövründə Azərbaycandan 6 mlrd. 484,996 mln. kubmetr qaz (artım 5,8%) ixrac edilib", – deyə məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında şirkət 871,8 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5% çoxdur.
"SOCAR-ın öz imkanları hesabına hasil edilən qazın bütün həcmi daxili bazara yönəldilir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunmaqla Azərbaycana əlavə gəliri təmin edir”, - deyə şirkətdən bildiriblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycan Rusiya və İrandan qaz idxal edib. Bu dövrdə Azərbaycan qazı Türkiyə və Gürcüstana ixrac edilib.*
N.Abbasova