ABŞ-ın Yerevandakı səfiri Riçard Mills bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla kompromisə getməli olacaq.
"Mən ilk dəfə bura gələndə təəccüblənmişdim ki, ermənilərin əksəriyyəti işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi olaraq qaytarılmasına qəti şəkildə qarşıdır. Ermənistanda mümkün güzəştlər barədə müzakirələrin aparılmaması məni təəccübləndirir", - deyə amerikalı diplomat Ermənistanın ”EVNReport” internet-portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin aprelində Qarabağda vəziyyətin kəskinləşməsi "ermənilərin qavrayışını daha da kəskinləşdirdi".
"Ancaq reallıq bundan ibarətdir ki, istənilən həll işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək", - deyə Ermənistanda diplomatik missiyası başa çatan R.Mills qeyd edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpası Qarabağ münaqişəsinin həllində Bakının irəli sürdüyü əsas tələbdir.*