2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 14 343,6 kq qızıl alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
«Bu ilin yanvar-sentyabr aylarında ARDNF 14 min 343,6 kq (461156,7 troya unsiyası) qızıl alıb. Beləliklə, 30 sentyabr 2018-ci il tarixinə fondun qızıl ehtiyatı 44 min 518,51 kq (1 mln. 431 min 302,31 troya unsiyası) təşkil edir», - deyə məlumatda bildirilir.
2018-ci il sentyabrın 30-na fond tərəfindən alınan qızılın dəyəri $1 mlrd. 694 mln. məbləğində qiymətləndirilir.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova