2018-ci ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyi tərəfindən aksizsiz və ya saxta aksizli malların satışıilə bağlı 34 cinayət işi başlanıb.
“Nazirlik tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27,9 min şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildiriblər.
Həmçinin qeyd olunub ki, bu qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb.
Nazirlikdən bildirilir ki, bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayıb.“Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmasıdır”, - məlumatda deyilir.
Yalnız bir ay ərzində arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb.
“Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb”, - nazirlikdən qeyd ediblər.
Həmçinin vurğulanır ki, aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. “Cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb”, - nazirlikdən bildiriblər. **
B.Rüstəmbəyov