Azərbaycan Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığa dair razılıq əldə olunub. Bu barədə nazirlikdən məlumat verilir.
“Çərşənbə günü “Masdar” şirkəti ilə bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Çərçivə sənədi imzalanıb. Sənədi Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov və “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıblar”, - məlumatda qeyd olunur.
Saziş tərəflərin koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpa olunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlığını nəzərdə tutur.
“Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpa olunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək”, - məlumatda vurğulanır.
“Masdar” bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. Şirkət BƏƏ, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpa olunan enerji layihələri həyata keçirir.**
N.Abbasova