Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu günə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinə $652,1 mln. yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“BTQ layihəsinin maliyyələşdirilməsi üçün müvafiq qurumlara bu məbləğ layihənin reallaşdırılmağa başlanmasından 2018-ci il sentyabrın 30-na qədər ARDNF-in vəsaitlərindən ayrılıb. Cari ilin yanvar-sentyabr aylarında fondun vəsaitlərindən $9,8 mln. bu məqsədlərə yönəldilib”, - deyə məlumatda bildirilir.
ARDNF-in 2018-ci il büdcəsində bu layihəyə 176,128 mln. manat ($103,6 mln.) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Fondun məlumatına görə, bu vəsaitlər Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş əsasında Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə sərhədi - Marabda dəmir yolunun layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması, istismarı və dəmir yolu infrastrukturunun müvafiq obyektləri üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib.
Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.*
N.Abbasova