6 ölkədə Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəlikləri açılacaq. Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.
"Agentliyin nümayəndəlikləri Rusiya, Hindistan, Almaniya, Səudiyyə Ərəbistanı, Çin və Birləşmiş Ərəb Əmirliklərində açılacaq", - deyə o, bu gün I Milli Turizm Sammitinin kuluarlarında jurnalistlərə bildirib.
Baş icraçı direktorun sözlərinə görə, agentlik xaricdə turizm potensialının təbliğinə xüsusi diqqət ayırmağı planlaşdırır.
2023-cü ilədək Azərbaycana turist axınının iki dəfə artacağına dair proqnozlara toxunan F.Zenqstşmid vurğulayıb ki, turizm idarələri sayı artan turistlərin yerləşdirilməsi ilə bağlı problemin aktuallığını yaxşı anlayır. "Biz çox gözəl dərk edirik ki, turistlərin sayının artması onların yerləşdirməsi məsələsini aktuallaşdırır. Bu gün sözügedən problemin həlli üçün təkcə Bakıda deyil, həm də regionlarda səylər göstərilir, burada əcnəbilər, eləcə də yerli əhali üçün mehmanxanalar yaradılır", - deyə o qeyd edib.
F.Zenqstşmidin sözlərinə görə, hazırda Baskal kəndinin turizm diyarına çevrilməsi istiqamətində tədbirlər görülür. "Biz ölkə başçısının Baskalın yenidən qurulması haqqında imzaladığı sərəncama uyğun olaraq işləyirik. Biz başa düşürük ki, bir çox sakinlər kəndi tərk edib. Layihənin əsas məqsədi Baskal kəndinin turizm diyarına çevrilməsi və kələğayı istehsalının bərpasından ibarətdir", - deyə o vurğulayıb.
F.Zenqstşmid, həmçinin deyib ki, Şəki, Qəbələ, Lahıc və Azərbaycanın digər bölgələrində də turizmin inkişafı üzrə işlər görülür.*
R.Babayev