Səhiyyə Nazirliyi tibb müəssisələrində quraşdırılmaq üçün generatorların alışı və quraşıdırılmasına 1,5 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, nazirlik generatorların alışı və quraşıdırılmasına dair “Nobel Elektrik” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 1 mln. 496,252 min manatdır. Satın alınacaq generatorların sayı qeyd olunmur.
İyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Lakin iyulun 3-də axşam saatlarında Bakı və Azərbaycanın əksər ərazisi yenidən işıqsız qalıb.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 4-də keçirilən müşavirədərespublikanın bütün xəstəxanaları və Bakı Metropolitenində generatorların quraşdırılmasını tapşırıb.
“Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb”, - İ.Əliyev qeyd edib.
Prezident ciddi təftiş aparmağı, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında məruzə etməyi tapşırıb. **
B.Rüstəmbəyov