Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2 sığorta şirkətinin - “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin lisenziyalarını ləğv edib. Bu barədə palatanın məlumatında deyilir.
“Təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında MBNP “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-yə verilmiş lisenziyaların ləğv edilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 13 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib.
“İpək Yolu Sığorta” ASC 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 mln. 77 min manat təşkil edir. 2018-ci ilin yanvar-avqust aylarında şirkətin sığorta haqları 15,4 mln. manat, ödənişləri 1 mln. manata yaxın təşkil edib.
"Azərbaycan Sənaye Sığorta" şirkəti “Azersun Holding”in strukturuna daxildir. Səhmdarları 2 hüquqi şəxs - “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir. Şirkətin nizamnamə kapitalı 11 mln. manata bərabərdir. 2018-ci ilin yanvar-avqust aylarında "Azərbaycan Sənaye Sığorta" şirkətinin sığorta haqları 6,8 mln. manat, ödənişləri 1,5 mln. manata yaxın təşkil edib.*
A.Əzizov