Azərbaycanda ümumi gücü 27,41 MVt təşkil edəcək 12 kiçik su elektrik stansiyasının (KSES) tikintisi planlaşdırılır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Energetika Nazirliyi tərəfindən kiçik su elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı mövcud vəziyyət araşdırılıb, kiçik çayların (kanalların) hidroenerji potensialından istifadənin və kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib”, - deyə o, rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Nazir qeyd edib ki, hazırda ölkə ərazisində ümumi gücü 23,5 MVt olan 10 kiçik su elektrik stansiyası fəaliyyət göstərir. Bununla yanaşı, ümumi gücü 27,41 MVt təşkil edəcək 12 KSES-in tikintisi üçün layihələndirilmə işləri həyata keçirilir.
P.Şahbazov vurğulayıb ki, bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji balansında payının artırılması istiqamətində beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq edilir. 198 MVt-lıq Pirallahı külək elektrik stansiyasının texniki-iqtisadi əsaslandırmasının hazırlanması və tikintisinə investisiya qoyuluşu ilə bağlı isə Çinin "China Power Engineering and Consulting Group” LTD şirkəti ilə niyyət protokolunun imzalanması planlaşdırılır. Bundan başqa, 100 MVt-lıq günəş elektrik stansiyasının tikintisi və istismarı, həmçinin "Azgüntex” günəş panelləri zavodunda müasir texnologiyaların tətbiqi ilə bağlı Rusiya Federasiyasının "Hevel Solar” şirkəti ilə müzakirələr aparılır.
“Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) günəş enerjisi sahəsində pilot layihə həyata keçirməyi planlaşdırır. Söhbət Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 fotovoltaik sistemin quraşdırılmasından gedir”, - deyə nazir qeyd edib.*
A.Əzizov