Azərbaycan prezidenti İlham Əliyev cümə günü İzmir şəhərinə (Türkiyə) işgüzar səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev “SOCAR Turkiye Enerji” şrikətinin (SOCAR-ın Türkiyədəki törəməsi) İzmirdə inşa etdiyi “Star” neft emalı zavodunun açılış mərasimində iştirak edəcək.
O cümlədən, açılış mərasimində Türkiyə prezidenti iştirak edəcək.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb
Layihənin dəyəri $6,3 mlrd. təşkil edir.
2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə “STAR” neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib.*
Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq. **
R.Babayev