Türkiyədə STAR NEZ-in tikintisinə sərmayə qoyuluşları $6,3 mlrd. məbləğində olub, gələcəkdə isə əlavə $700 mln. yatırılacaq. Bunu prezident İlham Əliyev deyib.
«Azərbaycan STAR NEZ-in tikintisi layihəsinə $6,3 mlrd. yatırıb, növbəti mərhələlərdə əlavə olaraq daha $700 mln. yatırılacaq», - deyə dövlət başçısı bu gün İzmirdə NEZ-in işə salınması mərasimində bildirib.
İ.Əliyev qeyd edib ki, Azərbaycan təkcə Əliağa yarımadasına (STAR NEZ-in və Petkim neft-kimya kompleksinin yerləşdiyi – İF-Az) təxminən $10 mlrd. investisiya qoyub.
«Növbəti mərhələlərdə bu rəqəm daha da artacaq. Bu, Azərbaycanın xaricdə qoyduğu ən böyük sərmayədir», - deyə prezident vurğulayıb.
O əlavə edib ki, NEZ-in işə salınması Azərbaycan və Türkiyənin qarşıya qoyduğu bütün hədəflərə uğurla nail olmasının göstəricisidir.
«Bu, həm də bu cür iri həcmli layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Türkiyə prezidentlərinin güclü siyasi iradəyə malik olmasından xəbər verir», - deyə İ.Əliyev qeyd edib.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb
2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə “STAR” neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib.
NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.*
N.Abbasova