Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bəyan edir.
“Azərbaycan-Türkiyə birliyi sarsılmazdır. O, daimidir. 100 il öncə biz birlikdə olmuşuq, bu gün də birlikdəyik”, - İ.Əliyev cümə günü İzmirdə “Star” neft emalı zavodunun açılış mərasimində çıxışında bildirib.
O qeyd edib ki, Bakı və Ankara arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb.
“İqtisadiyyat sahəsində çox böyük işlər həyata keçirmişik. Türkiyə və Azərbaycan sürətlə inkişaf edir”, - İ.Əliyev bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, “Türkiyə dünya miqyaslı böyük gücə çevrilib, onun mövqeyi əksər hallarda əsas rol oynayır”.
“Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünya miqyaslı böyük gücə çevrilib. Türkiyə sayılan ölkədir. Əksər hallarda Türkiyənin mövqeyi müəyyən qlobal məsələlərdə həlledici rol oynayır. Bu bizi sevindirir”, - Azərbaycan prezidenti bildirib.
“Türkiyənin gücü - bizim gücümüzdür. Türkiyə nə dərəcədə güclü olarsa - biz də o dərəcədə güclü olarıq. Bizim gücümüz birliyimizdədir”, - o əlavə edib.
İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün dünya üçün qardaşlıq, həmrəylik nümunəsidir. “Mən Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olan digər dövlətlər tanımıram. Bu bizim sərvətimizdir”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə